14 Kasım 2016 Pazartesi

Qızıl Nəsihətlər!


Əli ibn Əbu Talibin  oğlu Hüseynə (radiyallahu anhuma) nəsihəti:

- Oğlum, bil ki, Cənnətdə heç bir pislik, Cəhənnəmdə isə heç bir xeyir yoxdur. Cənnətdən başqa hər bir nemət, Cəhənnəm odundan başqa da hər bəla bir heç kimidir.

- Oğlum, bil ki, öz eyiblərini görən şəxs, heç zaman başqasında eyb tutmaz.

- Oğlum, Allahın ona böldüyü payla razılaşan şəxs heç zaman itirdiyi bir şeyə görə təəssüflənməz.

- Oğlum, öz səhvlərini unudan şəxs başqalarının səhvlərini böyüdər.

- Oğlum, özünü bəyənən kəs yolunu azar, ağlını hamıdan yüksək tutan alçalar, başqalarını səfeh sayan söyülər, alçaqlara qarışan rəzil olar.

- Oğlum, həsədi tərk et ki, səni sevsinlər.

- Oğlum, möminin izzəti insanlardan heç bir şey istəməməyindədir. Aza qane olmaq tükənməz bir sərvətdir.

- Oğlum, bil ki, zikr nurdur, qəflət zülmətdir. Cahillik zəlalətdir. Ən xeyirli miras isə ƏDƏBDİR.

- Oğlum, qohumluq əlaqələrini kəsməklə irəli getmək, pislik etməklə də varlanmaq olmaz.

- Oğlum, elmin zirvəsi MÜLAYİM  olmaqdır.

- Oğlum, İslamdan daha şərəfli, təqvadan daha ülvi, tövbədən daha  şəfqətli, iffətdən daha gözəl libas yoxdur.

- Oğlum, elmini ve əməlini, sevgisini ve nifrətini, alış-verişini, danışığını ve sükutunu yalnız Allah üçün edən kimsəyə Cənnət vacib olar.

{Əl-Bidəyə  vən-Nihəyə, 7/328-329}


Hiç yorum yok: