26 Kasım 2016 Cumartesi

Peyğəmbər Səllallahu Aleyhi Va Səlləmin İslama Dəvət Üçün Herakla Yazdığı Məktubu


İbn Abbas radiyallahu anhumanın  rəvayətinə görə, Əbu Süfyan İbn Hərb radiyallahu anh ona xəbər vermişdir ki, o, Qureyş karvanını müşayiət etdiyi zaman Herakl onu öz yanına çağırtdırdı. O vaxt qureyşlilər Şamda ticarət edirdilər. Bu da Peyğəmbər səllallahu aleyhi va səlləmin Əbu Süfyan və (başqa) Qureyş kafirləri ilə Hudeybiyədəki sülh müqaviləsi bağladığı vaxta təsadüf edirdi. Əbu Süfyan yoldaşları ilə birgə İliyaya imperatorun yanına gəldilər. Herakl Rum zadəganlarının əhatəsində ikən qureyşliləri öz məclisinə dəvət etdi. Sonra onları öz hüzuruna çağırtdırdı və tərcüməçisinin gəlməsini əmr etdi. (Herakl) soruşdu: “Peyğəmbər olduğunu iddia edən bu adama nəsəbcə ən yaxın olan hansınızdır?” Əbu Süfyan dedi: “Mən: “Onların nəsəbcə ən yaxın olanı mənəm” deyə cavab verdim.
   İmperator dedi: “Onu yaxına gətirin, yoldaşlarını isə onun arxa tərəfində saxlayın.” Sonra tərcüməçisinə dedi: “Onlara de ki, mən bundan o adam haqqında soruşacağam. Əgər mənə yalan danışsa, siz də onu yalançı hesab edin.” (Əbu Süfyan): “Vallahi, dostlarımın orada-burada mənim yalanım barədə danışacaqlarından utanmasaydım, onun barəsində əlbət ki, yalan danışardım.”
   Sonra (Heraklın) onun barəsində məndən ilk soruşduğu bu oldu: “Aranızda onun əsli-nəsəbi necədir?” Mən: “O, bizim aramızda əsilli-nəsəblidir” dedim.
O soruşdu: “Sizlərdən ondan əvvəl bu sözü deyən (peyğəmbərlik iddiası edən) bir kimsə olubmu?” Mən: “Xeyr!” dedim. O soruşdu: “Heç onun atababalarından padşah olubmu?” Mən: “Xeyr!” dedim. O soruşdu: “Onun ardınca gedənlər xalqın zadəganlarıdır, yoxsa zəifləri?” Mən: “Xalqın zəifləridir” dedim. O soruşdu: “Onlar artırlar, yoxsa azalırlar?” Mən: “Artırlar” dedim. O soruşdu: “İçərilərində onun dinini qəbul etdikdən sonra narazılığa görə dinindən dönən bir kimsə varmı?” Mən: “Yoxdur!” dedim. O soruşdu: “Söylədiklərini deməzdən (bu dinə dəvət etməzdən) əvvəl heç onu yalan danışmaqda ittiham etmişdinizmi?” Mən: “Xeyr!” dedim. O soruşdu: “Heç əhdi pozurmu?” Mən: “Xeyr (pozmur), lakin bizimlə onun arasında müvəqqəti sülh müqaviləsi mövcuddur və bu müddət ərzində onun nə edəcəyini də bilmirik” dedim. Əbu Süfyan dedi ki, mən deyilənlərə əlavə etmək üçün bu kəlmədən başqa bir şey tapa bilmədim. (Herakl) soruşdu: “Heç onunla döyüşmüsünüzmü?” Mən: “Bəli!” dedim. O soruşdu: “Onunla döyüünüz nə ilə nəticələnib?” Mən dedim: “Bizimlə onun arasında gedən döyüş dəyişkəndir. Gah o bizə qalib gəlir, gah da biz ona qalib gəlirik.”
   O soruşdu: “Sizə nəyi əmr edir?” Mən dedim: “O deyir ki, Tək Allaha ibadət edin, heç nəyi Ona şərik qoşmayın, atalarınızın söylədiklərini tərk edin. Habelə namaz qılmağı, zəkat verməyi, doğru danışmağı, iffətli olmağı və qohumluq əlaqələrini möhkəmləndirməyi də bizə əmr edir.”
 Sonra (Herakl) tərcüməçiyə belə buyurdu: “Ona de ki: “Səndən onun nəsəbi barədə soruşdum, aranızda əsilli-nəsəbli olduğunu bildirdin. Həmçinin (əvvəlki) elçilər də öz xalqlarının adlı-sanlı nəslinə mənsub olardılar. Sizlərdən ondan əvvəl bu sözü söyləyən bir kimsə olubmu deyə soruşdum, dedin ki, xeyr. Mən düşündüm ki, əgər ondan əvvəl bu sözü söyləmiş bir kimsə olsaydı, deyərdim ki, bu adam özündən əvvəl deyilmiş bir sözü təkrar edir. Ata-babalarının içində padşah olubmu deyə soruşdum, dedin ki, xeyr. Mən fikirləşdim ki, əgər atababalarından padşah olmuş olsaydı, deyərdim ki, bu adam atasının mülkünü geri almağa çalışır. Söylədiklərini deməzdən əvvəl onu yalan danışmaqda ittiham etmişdinizmi deyə soruşdum, dedin ki, xeyr. Mənə aydın oldu ki, insanlara qarşı yalan danışmayan adam, Allaha qarşı da yalan danışmaz. Onun ardınca gedənlər xalqın zadəganlarıdır, yoxsa zəifləridir deyə soruşdum, onun ardınca gedənlərin xalqın zəifləri olduğunu söylədin.
Elçilərin ardınca gedənlər də məhz onlardır. Onlar artırlar, yoxsa azalırlar deyə soruşdum, dedin ki, onlar artırlar. İmanın vəziyyəti də tamam oluncaya qədər beləcə davam edər. İçərilərində onun dinini qəbul etdikdən sonra narazılığa görə dinindən dönən bir kimsə varmı deyə soruşdum, dedin ki, yoxdur. Təbii ki, bu cür iman qəlblərə daxil olduqda belə olur. Əhdi pozurmu deyə soruşdum, dedin ki, xeyr. Peyğəmbərlər də belə olur, əhdi pozmurlar. Sizə nəyi əmr edir deyə soruşdum. Dedin ki, Tək Allaha ibadət edib heç nəyi Ona şərik qoşmamağı sizə əmr edir və bütlərə tapınmağı sizə qadağan edir. Üstəlik namaz qılmağı, doğru danışmağı və iffətli olmağı da sizə əmr edir. Və əgər sənin dediklərin doğrudursa, onda o, bu ayaqlarımın basdığı yerə sahib olacaqdır. Mən bilirdim ki, o gələcək, lakin sizlərdən olacağını güman etmirdim. Əgər onun yanına gedib çata biləcəyimə arxayın olsaydım, hər halda onunla görüşməyə çalışardım. Və əgər yanında olsaydım, ayaqlarını yuyardım.” Sonra o, Dihyanın  vasitəsilə Busranın hökmdarına  göndərilmiş (və onun tərəfindən Herakla çatdırılmış) Peyğəmbər səllallahu aleyhi va səlləmin məktubunu tələb etdi. Qasid  məktubu Herakla verdi. O da oxudu. Məktubda bunlar yazılmışdı:

    Mərhəmətli və Rəhmli Allahın adı ilə! Allahın qulu və rəsulu Muhəmməddən Rum imperatoru Herakla. Haqq yolu tutub gedənlərə salam olsun! Bundan sonra, mən səni İslama dəvət edirəm. İslamı qəbul et ki, salamat qalasan və Allah sənin mükafatını ikiqat versin. Əgər qəbul etməsən, tabeçiliyində olanların günahı sənin boynunda qalacaqdır. (Sənə Allahın mənə buyurduğunu deyirəm): “Ey Kitab əhli! Bizim və sizin aranızda olan eyni bir kəlməyə gəlin ki, Allahdan başqasına ibadət etməyək, Ona heç bir şeyi şərik qoşmayaq və Allahı qoyub bir-birimizi ilahiləşdirməyək.” Əgər onlar üz döndərsələr, deyin: “Şahid olun ki, biz müsəlmanlarıq!”. (Ali İmran 64)

Əbu Süfyan radiyallahu anh: “Herakl deyəcəyini dedikdən və məktubu oxuyub qurtardıqdan sonra
onun hüzurunda hay-küy qalxdı, səslər ucaldı və bizi bayıra çıxartdılar. Onda mən yoldaşlarıma dedim: “İbn Əbu Kəbşənin  işi (dəvəti) o qədər böyümüşdür ki, Bəni Əsfarın  hökmdarı belə ondan qorxur.” Peyğəmbər səllallahu aleyhi va səlləmin qalib gələcəyinə Allah İslamı qəlbimə salıncaya qədər qətiyyətlə inanmağa davam etdim. İliyanın sahibi və Heraklın dostu İbn Nazur Şam xristianlarının baş keşişi idi. O, rəvayət edir ki, Herakl İliyaya gəldiyi zaman, (farslara qalib gəldiyi günlərin birində) səhər oyanarkən əhvali-ruhiyyəsi çox pis idi. Heraklın patriarxlarından bəziləri ona: “Sənin halın xoşumuza gəlmir” dedilər. İbn Nazur deyir ki, Herakl ulduzlara əsasən fala baxan  kahin idi. Odur ki, onların sualına belə cavab verdi: “Mən bu gecə ulduzlara baxarkən Sünnət hökmdarının qalib gəldiyini gördüm. (Bir deyin görək) xalqlar arasında sünnət edənlər kimlərdir?” Onlar dedilər: “Yəhudilərdən başqa heç kəs sünnət etmir. Onların işi səni təşvişə salmasın. Səltənətinin şəhərlərinə xəbər göndər ki, oralardakı yəhudiləri öldürsünlər.” Elə bu vaxt Heraklın hüzuruna Ğəssan hökmdarının Allahın Elçisi səllallahu aleyhi va səlləm barəsində xəbər vermək üçün göndərdiyi adam gətirildi. Herakl qasiddən xəbər aldıqdan sonra (xidmətçilərinə əmr edib) dedi: “Gedin baxın görün, bu (kişi) sünnət edilib, ya yox.” (Xidmətçilər o kişiyə)
baxdıqdan sonra onun sünnət edilmiş olduğunu Herakla xəbər verdilər. Herakl ondan ərəblər barədə soruşdu. (Qasid) dedi: “Onlar da sünnət olunurlar.” Herakl buyurdu: “Budur, bu xalqın hökmranlığı artıq zühur etmişdir.” Sonra Herakl Rumiyyada yaşayan və elmdə (fala baxmaqda) özünə həmfikir olan dostuna məktub yazdı. (Məktubdan sonra) Herakl Himsə getdi və Peyğəmbərsəllallahu aleyhi va səlləmin zühuru və onun həqiqətən də peyğəmbər olduğu barədə fikirlərinə həmrəy olan dostundan məktub alanadək Himsi tərk etmədi. Herakl Rum zadəganlarını Himsdəki qəsrinə dəvət edib qapıların bağlanılmasını əmr etdi. Sonra onların qarşısına çıxıb dedi: “Ey Rumlular! Bu Peyğəmbər səllallahu aleyhi va səlləmə beyət edib nicat tapmaq, doğru yola yönəlmək və bir də mülkünüzün qalmağını istəmirsinizmi?” Onlar (bu sözləri eşidən kimi) vəhşi eşşəklər qaçışına bənzər (sürətlə) qapıya doğru qaçdılar, lakin qapıların bağlanmış olduğunu gördülər. Herakl onlardakı nifrəti gördükdə, iman gətirəcəklərindən ümidini üzüb: “Onları yanıma gətirin!” deyə buyurdu. (Zadəganlar onun hüzuruna gəldikdə isə belə) dedi: “Mən bayaq dediklərimi ancaq dininizə olan sıx bağlılığınızı yoxlamaq üçün söylədim. İndi isə (buna) şahid oldum.” Zadəganlar onun
qarşısında səcdə etdilər və ondan razı qaldılar. Herakl barəsindəki xəbərin (dəvətə olan münasibətinin) sonu belə oldu.


[Buxari (7, 4553); Muslim (4707, 1773/74)]

Hiç yorum yok: