Şeyx Muhəmməd Saleh əl Munəccidə belə bir sual
verildi:
Sual:
Namazlarını məsciddə
qılan, gecə namazına qalxan, bazar ertəsi və cümə axşamları orucu ilə hər ayın
13, 14 və 15-ci günlərində oruc tutan, fəqət bununla yanaşı hər gün zövcəsi,
qonşusu, zövcəsinin tanışları və başqa kimsələrlə daima mübahisə edən əxlaqsız
kimsə haqqında nə deyirsiniz?
Cavab:
Həmd, ancaq
Allahadır.
Peyğəmbər səllallahu aleyhi va səlləmin insanlar
arasında həyata keçməsi üçün göndərildiyi ən böyük qayələrdən biri də gözəl əxlaqdır.
Allahu Təala,
əhli Kitabdan bir qrup insanların xaricində, yer üzündə yaşayanlara baxaraq
onlara və onların içərisində olduqları şirk, cəhalət və pis əxlaqa qəzəb etdikdən
sonra insanlar arasında haqq dini və ədalətli həyatı ayaqda tutması üçün Muhəmməd
səllallahu aleyhi va səlləmi göndərmişdir.
Peyğəmbərimiz
Muhəmməd səllallahu aleyhi va səlləm, eyğəmbər olaraq göndərilişindəki qayələrdən
biri olan ən böyük qayəni, islam şəriətinin gətirdiyi bütün inanc və hökmləri,
gözəl əxlaqı, ədaləti və ehsanı ayaqda tutmaqdır. Muhəmməd səllallahu aleyhi va
səlləm peyğəmbər olaraq göndərilişindəki qayələrdən birinin ancaq bu hədəf üçün
olduğunu açıqlamışdır. Bunun üçün də, eşidən hər kəsin qəlbinə yerləşdirmək
üçün bunu həsr/çərçivələmə ədatı “İnnəmə” ilə ifadə etmişdir.
Peyğəmbər səllallahu
aleyhi va səlləm belə buyurmuşdur; “Mən, ancaq gözəl əxlaqı tamamlamaq üçün
göndərildim.” [Əhməd, Müsnəd (2/318); Albani, Silsilətul
Əhadisis Səhiha (45)- də həsən olduğunu demişdir.]
Heç şübhə
yoxdur ki, günümüzdə bəzi müsəlmanların qarşı qarşıya qaldıqları və sıxıntı çəkdikləri
ən böyük problemlərdən biri də, ibadətlərlə əxlaq yönlərinin bir birilərindən
ayrılmasıdır. Belə ki, bəzi insanların etdikləri ibadətlər, adətlər və ya bəzi
şəkillərdən ibarət olub nəfs və qəlblərdəki təsirinə önəm vermədən edilən ayinlərə
bənzər hala gəlmişdir. Halbuki, _ən vacib ibadətlər olan- İslamın dörd rüknünün
qayələrdən biri də nəfsləri tərbiyə etmək və əxlaqı gözəlləşdirməkdir. Məsələn
namaz haqqında Allahu Təala belə buyurmaqdadır;
“Kitabdan sənə
vəhy olunanları oxuyub namaz qıl. Həqiqətən, namaz çirkin və yaramaz işlərdən çəkindirir.
Allahı yada salmaq isə ibadətlərin ən əzəmətlisidir. Allah nə etdiklərinizi
bilir.” {Ənkəbut 45}
Əbu Hureyrə
radiyallahu anhdan rəvayət edildiyinə görə o belə demişdir;
“Bir nəfər;
“Ey Allahın
elçisi! Filan qadın çox nafilə namaz qılması, nafilə oruc tutması və sədəqə
verməsiylə anılır. fəqət o, diliylə qonşularına əziyyət edır. (Bu qadın
haqqında nə deyirsən?)” deyə soruşdu.
Rasulullah səllallahu
aleyhi va səlləm;
“O (qadın), cəhənnəmdədir” buyurdu.
Həmin adam yenə də;
“Ey Allahın
elçisi! Filan qadın da az nafilə oruc tutması, az sədəqə verməsiylə anılır. Fəqət
diliylə qonşularına əziyyət vermir. (Bu qadın haqqında nə deyirsən?” deyə soruşdu.
Rasulullah səllallahu
aleyhi va səlləm;
“O (qadın) cənnətdədir”
buyurdu.
[Əhməd, Musnəd (2/440);
Munziri, ət Tərğib vat Tərhib (s. 3/321); Albani, əs Səhiha (190) Albani səhih
demişdir.]
Nümunə olaraq
fərz oruc da belədir.
Peyğəmbər səllallahu
aleyhi va səlləm gözəl əxlaqın, qəbul olunan orucun səmərəsi olduğunu, bu səmərəni
tapa bilməyənin, tutduğu orucunun Allahu Təala qatında özünə heç bir fayda verməyəcəyini
açıqlamışdır.
Əbu Hureyrə
radiyallahu anhdan; Rasulullah səllallahu aleyhi va səlləm belə buyurmuşdur;
“Kim yalan
danışmağı və yalanla iş görməyi tərk etməzsə, Allahın, o kimsənin yeməsini və
içməsini tərk etməsinə ehtiyacı yoxdur.”
[Buxari (1903)]
Zəkat da belədir.
Zəkat, nəfsi təzkiyə etmək və onu günahların kirlərindən və qəlbin afətlərindən
təmizləməkdir.
Allah Azzə və
Cəllə bu haqda belə buyurmaqdadır;
Onların mallarından sədəqə götür ki, bununla onları
pak edib təmizə çıxarasan. Onlar üçün dua et. Çünki sənin duan onlar üçün bir təskinlikdir.
Allah Eşidəndir, Biləndir.” {Tövbə 103}
Eyni şəkildə İslamın
beşinci ruknu olan həcc də belədir;
“Həcc ziyarəti
məlum olan aylardadır. Bu aylarda həcci yerinə yetirməyi niyyət edən kəs həcc
ziyarəti əsnasında qadınıyla yaxınlıq etməməli, günah işlər görməməli və
mübahisələrə qoşulmamalıdır. Sizin etdiyiniz yaxşılıqları Allah bilir. Özünüzlə
azuqə götürün! Ən yaxşı azuqə isə təqvadır. Məndən qorxun, ey ağıl sahibləri!” {Bəqərə 197}
Əgər biz
İslam şəriətində gözəl əxlaqın önəmini bildirən Quran və Sünnətdən dəlilləri gətirməyə
çalışsaq, burada yazmağa səhifələr yetməz.
Dəyərli alim İbni Qeyyim rahiməhullah “Mədaricus Salikin” adlı əsərində
bir bölüm açmış və o bölümü belə adlandırmışdır;
“Dinin hamısı gözəl
əxlaqdır. Dində gözəl əxlaqı ziyadələşdirən, dində səni daha çox ziyadələşdirmiş
olar.”
(Ey sual verən
qardaşım) Sizə düşən iş, zövcənə və qonşularına əziyyət verən o kimsəyə
Allahdan qorxmasını və Allah Azzə və Cəllənin onun etdiklərindən razı
olmadığını ona xatırlatmaqdır. Hətta Allah azzə və Cəllənin qonşusuna, zövcəsinə
və qohumlarına əziyyət edən kimsəyə qəzəbləndiyini və qıldığı gecə namazı ilə
nafilə orucun qəlbinə, əxlaqına və hissiyyatına təsirinin harada olduğunu ona
xatırlatmalısınız.
Ona nəsihət
edərkən yumşaq üslubdan istifadə edin. onun ibadətə həvəsli olması, inşəAllah
ondakı xeyrə dəlalət edər.
Əbu Hureyrə
radiyallahu andan rəvayət edildiyinə görə, o belə demişdir;
“Bir adam,
Peyğəmbər səllallahu aleyhi va səlləmin yanına gələrək;
“Filan kimsə gecə (nafilə) namaz
qılır, fəqət səhər açıldıqda oğurluq edir” dedi.
Rasulullah səllallahu aleyhi va səlləm buyrdu
ki;
“Şübhəsiz
onun söylədiyi şey (gecə qıldığı namazı) on oğurluqdan çəkindirəcək.”
[Əhməd, Müsnəd (2/447); Heysəmi
“Məcməuz Zəvaid” də (2/261) hədis haqqında belə demişdir; Hədisin raviləri
siqadır.]
Yenə də ən yaxşısını Allahu Təala bilir.
Hiç yorum yok:
Yorum Gönder